Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et” adlı layihənin icrası davam edir.
Tehsil.biz xəbər verir ki, "Peşə seçimində özünü kəşf et” adlı layihənin icrasına uyğun olaraq şagirdlər müxtəlif peşə sahibləri ilə görüşüb.
Şagirdlərlə görüşlərdə bənna, aktyor, sürücü, vəkil, idmançı, fotoqraf, elektrik, satıcı, dərzi, pinəçi, həkim, rəssam, polis, şirniyyatçı və bərbər kimi peşə sahibləri iştirak edib.
Görüşlər zamanı peşə sahibləri öz peşələrinin sirrlərini və maraqlı tərəflərini şagirdlərə çatdırıblar. Sonra şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün yönləndirmək, onlara doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.